. : MƏTBUAT BÜLLETENİ


[14.06.2006]
İyunun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 5 may, 9 may, 11 may, 13 may, 16 may, 19 may, 23 may, 27 may və 7 iyun 2006-cı ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və imza vərəqəsinə əlavə edilmiş sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında təlimat”ın layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu sənəd layihəsinin təsdiqi və Komissiyanın 25 avqust 2004-cü il tarixli, 15/92 saylı qərarı ilə təsdiq olunmuş “Seçici imzalarının toplanması haqqında yekun protokolu”nun qüvvədən düşməsi haqqında qərar qəbul etmişdir.
İclasda “Bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məqsədilə könüllü qeydiyyat depozitinin köçürülməsi və sonradan qaytarılması haqqında təlimat” da təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyası həmçinin, “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları”na dəyişiklik edilməsi və “Bələdiyyə seçkilərində  bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasından ötrü imza vərəqələrinin verilməsi haqqında Akt”ın 2 saylı əlavə kimi həmin qaydalara əlavə edilməsi barədə qərar çıxarmışdır.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[07.06.2006]
İyunun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədri Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2006-cı il mayın 13-də keçirilmiş təkrar seçkilərdə deputat seçilmiş şəxslərə deputat vəsiqələrini təqdim etmişdir.
Sonra Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılmışdır. Qərara alınmışdır ki, sözügedən seçkilər 2006-cı il oktyabr ayının 6-na  təyin edilsin. MSK “Azərbaycan Respublıikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilər üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı da təsdiq etmişdir.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi ilə bağlı iki təlimatın təsdiqi barədə qərarlar qəbul etmişdir. 
İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası